Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi həzrət Zeynəbin (s.ə) mövludu və Tibb bacıları günü münasibətilə yaydığı təbrik mesajında səhiyyə sahəsində çalışan ağ geyimli mələklərin fədakarlıqlarını yüksək qiymətləndirərək onlara təşəkkürünü bildirib.
Ölkə üzrə Elmi Hövzələrin rektorunun təbrik mesajının mətni belədir:
بسم الله الرحمن الرحیم
ومَنْ أَحْیَاهَا فَکَأَنَّمَا أَحْیَا النَّاسَ جَمِیعاً (مائده آیه ۳۲)
Bağışlayan və mehriban Allahın adı ilə
“Kim bir insanı yaşadarsa, bütün insanları yaşatmış kimi olar”. (Maidə surəsi, 32-ci ayə)
Hörmətli tibb bacıları və səhiyyə sahəsinin ağ geyimli mələkləri!
Allahın salamı və rəhməti sizin üzərinizə olsun! Siz Allahın bəndələrinə xidmət etməkdə həzrət “Zeynəbin səbir”ini təcəssüm etdirirsiniz.
Tibb bacıları gününün Bəni-Haşimin ən üstün qadınlarından olan, həzrət Zeynəbi-Kübranın (s.ə) mövlud günündə qeyd olunması “cismə olunan yardım” ilə “ali dəyərlərə sədaqət” arasındakı qırılmaz bağlılığın ən bariz sübutudur.
Həmin böyük xanım yalnız Kərbəlanın tibb bacısı deyil, həm də tarixin ən çətin dönəmlərində dözüm və müqavimət bayrağını ucaldan şəxsiyyət idi. Siz isə bu gün həmin fədakarlıq və özünü qurbanvermə yolunun davamçılarısınız.
Elmi hövzələr sizin yorulmaz və gecə-gündüz davam edən zəhmətlərinizi yüksək qiymətləndirərək bu mübarək günü müalicə mərkəzlərində sevgi və imanla xəstələrin ağrılarını yüngülləşdirən, cəmiyyətə ümid bəxş edən insanların səmimi səylərinə görə minnətdarlıq bildirmək üçün bir fürsət hesab edirlər.
Siz yalnız yorğun bədənlərə məlhəm olan insanlar deyilsiniz. Siz həm də şəfqətli və iffətli davranışınız, təmkinli əxlaqınız və tibb müəssisələrində insan ləyaqətini qorumağınızla İslam əxlaqının təlimlərini əməldə təbliğ edirsiniz. Bilin ki, bu səmimi xidmət İlahi ədalət tərəzisində böyük bir ibadət və əzəmətli bir mücahidədir. Onun mükafatı uca Allahın dərgahında qorunub saxlanılır.
Bu mübarək gün münasibətilə sizi təbrik edir, uca Allahdan ölkəmizin bütün məsuliyyətli və fədakar tibb bacılarına daim sağlamlıq, uğurlarının daha da artmasını və insanlara xidmət yolunda həzrət Zeynəbi-Kübranın (s.ə) mənəvi dəstəyindən bəhrələnməyi nəsib etməsini diləyirəm. Ümidvaram ki, İlahi lütf və mərhəmət daim sizin və möhtərəm ailələrinizin üzərində olsun.
Ölkə üzrə Elmi Hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz